Mikayıl Cabbarov söhbəti çox şişdi

Mikayıl Cabbarov söhbəti çox şişdi

Bu Mikayıl Cabbarov söhbəti nəsə çox şişdi. Məni maraqlandıran bu idi ki, adam təkzib yazsın, o yazdı, mən də ona inanıram. O cür davranış mənə dostlarımın haqqında danışdığı Mikayıl Cabbarova aid ola bilməz. Mən isə dostlarıma inanıram. Təyyarədə o cür kobudluq edəcək məmurlarımız var və kaş bu məqalə o məmurlar haqqında yazılmış olardı. Biznes klasda uçmaq məsələsi haqqında olan tənqidləri isə tamamilə normal hesab edirəm, hətta mile-lları toplanmış olsa belə hər bir məmur belə addım atanda çox diqqətli olmalıdır. Mətbuat azadlığı çox məhdud olduğundan bizdə məmurlar ictimai qınaq qarşısında ehtiyyatlı davranmağa öyrəşməyiblər. Yaxşı ki, konkret məsələ üzərində bu cür tənqidlər gəldi və bir presedent yaratmış olacaq. Necə ki, Türk jurnalistə cavab verdi, yaxşı olardı ki, biznes klas məsələsi ilə bağlı da açıqlama versin. O zaman həm də siyasi-ictimai tariximizdə yeni bir mədəniyyətin əsasını qoymuş olardı. O təyyarə söhbətindən o tərəfə istər bu biznes klass məsələsində, istərsə də başqa məsələlərdə onu müdafiə edənlər isə çox uzağa etmiş olurlar. Mənim müdafiə sərhəddim, təyyarə məsələsi idi. Onu da etdim. Qalan məsələlərdə gələn tənqidləri (dəxli yoxdur kimə) isə ictimai tariximiz üçün çox faydalı hesab edirəm. Yaxşı olar özü həm də bu tənqidlərə cavab versin. Onu da inanmıram etsin, çünki sistemin mahiyyətinə görə hansısa məmurun bu cür şeylərə cavab verib presedent yaratmaq, “yaxşı oğlan” olmaq hüququ çox məhduddur.

Mən belə başa düşdüm ki, Mikayıl Cabbarov söhbətində iki cəbhə var: “Filankəsin xətrinə dəyməyin, sabah lazımi məqamda (?) dəstək verəcəklər” vs “Məmurun əməlinə dəyin, tənqid edin, ictimai fiquru saf-çürük etmək lazımdır” cəbhələri. Mənim mövqeyim ikinciyə yaxındır. Hesab edirəm ki, adından, kimliyindən, vəzifəsindən, kimin dostu olub-olmamasından asılı olmayaraq məmur (public servant) tənqid edilməlidir. Əgər bu tənqidlərdən küsəcəksə demək ictimai vəzifə onluq deyil. Yox əgər tənqidi ictimai-siyasi prosesin oyun qaydaları kimi qəbul edirsə, o zaman ictimai qınaqdan fürsət kimi daha yaxşı, daha peşəkar ictimai adam olduğunu göstərəcək. İctimai tənqid məmur üçün bir tribunadır, fürsətdir. İstədiyi kimi yararlana bilər.

Leave a comment